21:02 Bakının türk yurdu, bakılıların türkəsilli olduğu iddia edilir | |
Bakının türk yurdu, bakılıların türkəsilli olduğu iddia edilir. ■ Görkəmli tarixçimiz Sara xanım Aşurbəyli yazır: “Mardların yaşadığı yeri bildirən Mərdəkan, türklərin məskənini bildirən Türkan, kürdlərin yaşayış yerini bildirən Kürdəxanı etnonimləri açıq-aydın istər mardların, istərsə də türklərin və kürdlərin yarımadanın özgə tayfalara mənsub əhalisi olduğunu və həmin tayfaların Abşeron ərazisində etnik azlıq təşkil etdiyini göstərir.“ (“Bakı şəhərinin tarixi: Orta əsrlər dövrü”, Sara Aşurbəyli. Səh.29. Bakı-2006) ▪︎Heç şübhəsiz, -Sara xanım Aşurbəylinin də təsdiqlədiyi kimi- türklər nəinki Bakıda, ümumiyyətlə Abşeron yarımadasında etnik azlıqdırlar. Bakı kəndlərinin demək olar ki, hamısının adı tatmənşəlidir. ▪︎Sara xanım Aşurbəyli yazır: “Abşeron toponimikasında İran qatı olduqca güclüdür. Ehtimal ki, irandilli əhali bu bölgəyə artıq e.ə. I minilliyin birinci yarısında gəlmişdir. Məlumdur kı, skif tayfaları Azərbaycan ərazisindən gəlib keçmiş və onların bir hissəsi, şəksiz, göstərilən bölgədə məskunlaşmışdır. Bunu arxeoloji materiallar da sübut edir. Bilgəh, Zabrat, Bülbülə, Ramana, Buzovna, Masazır, Corat, Mərdəkan, Novxanı, Suraxanı, Balaxanı, Nardaran, Digah, Goradil, Xırdalan və digər toponimlər İran leksikasına məxsusdur.” (“Bakı şəhərinin tarixi: Orta əsrlər dövrü”, Sara Aşurbəyli. Səh.29. Bakı-2006) Bakı xanlarının nəslindən olan, Azərbaycanın görkəmli ziyalısı, dəyərli tarixçimiz mərhum Abbasqulu ağa Bakıxanov (1794 -1847) məşhur “Gülüstani-İrəm” adlı əsərində bildirir ki, altı tərəkəmə kəndi xaric, Bakı əhlinin hamısı tat dilində danışırlar. ▪︎Bakıxanov yazır: “Şamaxı ilə Qudyal (indiki Quba) şəhərləri arasında qalan mahalda, məsələn: Şirvanda Hovz, Lahıc və Qoşunlu; Qubada Bərmək, Şəmpara, Buduğun aşağı hissəsi və bütün Bakı ölkəsində - altı tərəkəmə kəndindən başqa - bütün əhali tat dilində danışır. Məlum olur ki, bunların da əsli farsdır. Quba ölkəsinin qərb qismi – xüsusi dilə malik olan Xınalıq kəndindən başqa - Samur və Kürə nahiyələri və Təbərsəranın Dərə və Əhmərli adlı iki mahalı, müxtəlif ləhcəli xüsusi dilə malikdirlər. Bunlar türk dilində danışan əhalini moğol adlandırırlar.” (“Gülüstani-İrəm”, Abbasqulu ağa Bakıxanov. Səh. 30. Bakı-1951). ▪︎Sara xanım Aşurbəyli yazır: “Bakıxanovun məlumatına görə Abşeronda türklər yaşayan bir neçə kənd istisna olmaqla, qalan kəndlərin əhalisi tatlar olmuşdur.” (“Bakı şəhərinin tarixi: Orta əsrlər dövrü”, Sara Aşurbəyli. Səh.226. Bakı-2006) ● Sual yaranır ki, əgər bakılılar tatəsillidirlərsə və tatca danışırdılarsa, necə oldu ki, sonradan tat dilini unutdular və türkcə danışmağa başladılar? ■ Məsələ burasındadır ki, tatəsilli bakılılar "türkləşmə"yə məruz qalıblar. ▪︎“Türkləşmə” prosesinin canlı şahidlərindən olan, Azərbaycanın görkəmli ziyalısı Həsən Bəy Zərdabi (1837-1907) “Dil davası” adlı məqaləsində yazır: “O ki, dərya kənarında olan tatlardır, onların bir tərəfi İran olduğuna indiyəcən qalırlar. Bakı kəndlərinin əhli bu axır zamanacan tat dili danışırlar və bu halda da kəndlərin çoxu o dili danışır. Amma onların hamısı türk dilində də danışırlar. Ona görə demək olur ki, burada da tatlar türkləşirlər. Bircə Lənkəran uyezdində talış mahalında tatlar qalıblar ki, onların ətrafında olan türklər mirur ilə (tədricən –N.S.) onları da türkləşdirəcəkdirlər. Doğrudur, bu halda Bakı və Lənkəran uyezdlərində tatlar türkləşirlər. Amma bu halda da onların arasında fars dili məruf (bilinən - N.S) dil hesab olur və yazıçıların çoxu özü danışdığı türk dili ilə yaza bilmir və türk dilində yazmaq istəyən də o qədər fars sözü işlədir ki, biçarə türklər onu oxuyub anlamaqdan ötrü gərək gedib illər ilə fars dili öyrənsinlər. Əlbəttə, bu dil davası belə qalmaz. Bir az vaxtdan sonra camaat lap türkləşəndə yazıçılar da mirur ilə türkləşəcəkdirlər. Amma nə qədər tez türkləşsəydilər o qədər türkləşmiş camaata artıq nəf (fayda - N.S) olardı.” (“Dil davası”, Həsən bəy Zərdabi. "Həyat" qəzeti №12, 13 yanvar 1906-cı il). Həsən bəy Zərdabinin də qeyd etdiyi kimi, o dövrdə tatlar "türkləşirdilər" və ya “türkləşdirilirdilər”. ▪︎Zərdabi yazır: “O ki, içəridə Şəki və Şirvan vilayətlərində olan tatlardırlar, onların hamısı türkləşib. Bircə Şirvanda Lahıc kəndi qalıb ki, bu halda da fars dili danışır və onların da belə qalmağına səbəb onlar sakin olduğu yerdir ki, dağ təpəsində olduğuna gediş-gəliş az olub.” (Yenə orada) ▪︎Həsən bəy Zərdabi Lahıc kəndindəki tatların türkləşmədən qalmarına səbəb kimi, sakin olduqları yerin dağ təpəsində olmasını, gediş-gəlişin az olmasını göstərir. O, lahıclıların türkləşdirməyə qarşı dirənməsi barədə belə məlumat verir: “Bu dil davası necə olmasını və onun nə tövr qurtarmasını bu lahıclar ilə ətraf türklər və türklənmişlər bu halda necə olmağından qiyas eləmək olur. Keçmişdə güclü olan və bu yerlərin sahibi olan tat tayfasının salamat qalanları basılmış qoşun kimi bir dağa pənah gətirib, onun başında oturub həqiqətdə qılınc və qalxansız dava edirlər. Bir tərəfdən 7-8 yüz ev tatlar və bir tərəfdən böyük dəryaların ləpələri qədərdə və onlar kimi hücum edən türklər. Bunların həqiqi dava eləməyi türklər lahıcların haqqında düzəltdiyi böhtandan məlum edir. Bir baxın, nə qədər onların haqqında nağıllar düzəldirlər ki, guya lahıclar axmaq, ağılsız, divanədirlər. Bavücudi ki, lahıclar onlardan ağılsız deyillər. Tamam lahıc hamısı misgərlik sənətini işlədir və öz sənətlərində kamildirlər və ətraf türklər kimi bədhesablıq eləmirlər. Amma çifayda bu davanın axırı məlumdur. Nə qədər onlar səy eləsələr türklər onları sel kimi basıb qərq edəcəklər.” (Yenə oarada) ● Bəziləri "türkləşmə" və ya “türkləşdirmə” prosesini inkar etməyə çalışırlar. Əgər belə bir problem yox idisə, o dövrdə bu prosesin canlı şahidlərindən olan Həsən bəy Zərdabinin nə marağı var idi ki, belə bir “yalançı problem” barədə yazsın? • Sual verilə bilər ki, bəs necə oldu ki, regionlarda qeyri-türklər öz dillərini qoruyub saxlaya bildilər, amma tatəsilli bakılılar assimilyasiyaya uğrayıb türkləşdilər? ■ Məsələ burasındadır ki, bütün dünya ölkələrində ölkə səviyyəsində gedən mədəni və siyasi dəyişikliklərin ilk və böyük təsiri heç şübhəsiz əsas şəhərlərdə, xüsusən də paytaxtda olur. Odur ki, “türkləşdirmə”nin daha çox Bakıda baş verməsi təbii idi. Məsələn, dövlət türkləşdirilir, mətbuat türkləşdirilir, təhsil türkləşdirilir, dil türkləşdirilir... Bu, tədricən yerli əhalinin də -digər regionların əhalisindən daha tez və sürətli şəkildə- “türkləşməsinə” gətirib çıxarır. İkinci dünya müharibəsindən sonra Xızıdan dağlı tatlar məlum səbəblərə görə kütləvi şəkildə Bakıya köç etdiklərində hələ türkləşməmişdilər, türk dilini bilmirdilər. Tədricən dağlı uşaqlar məktəblərdə türk dilini öyrənməyə başladılar. Sonra böyüklər də istər-istəməz türk dilini anlamağa və o dildə az-az da olsa danışmağa başladılar. Daha sonra elə bir dövr gəldi ki, dağlılar türk dilində də öz dillərində danışdıqları kimi sərbəst danışmağa başladılar. Artıq türk dili dağlı tatların əsas dilinə çevrilib. Hal-hazırda isə Bakıda dağlı-tat gənclərin böyük əksəriyyəti öz dillərini bilmirlər. Bu, hәm dә Bakıya edilәn köçlә әlaqәdardır. Bu, qaçılmaz idi. Çünki, “türkləşdirmə” prosesinin əsas və geniş təsiri paytaxta - Bakıya düşmüşdü. Eyni proses dağlı tatlardan əvvəl Bakının yerli əhalisi olan bakılı tatlar arasında da getmişdi. Buna baxmayaraq, az da olsa həm dağlılar arasında, həm də bakılılar arasında doğma tat dili qorunub saxlanmaqdadır, tamamilə unudulmamışdır. İşin əsli budur. Bəli, bu gün tatəsilli bakılıların və dağlıların türk dilində danışmaları onların əslən türk olmaları anlamına gəlməz. “Bir millətin dilində danışmaq, həmin millətə mənsub olmaq deyildir” qaydası burda işlənsə yerində işlənmiş olar. ■ Xülasə, Bakı tatlar diyarıdır, Bakının yerli əhalisi – bakılılar da tatəsillidirlər. Abşeronda – Bakıda bir çox yer adlarının tat dilində olması da bununla əlaqədardır. ______________ ■ QEYD: Bu yazını paylaşmaq istəyən dostlardan xahiş olunur ki, məhz "paylaş" düyməsinə basaraq paylaşsınlar. Başqa cür paylaşımlara icazə verilmir. Diqqətinizə görə təşəkkür edirəm! ![]() Nicat Səfərov | |
|
Total comments: 0 | |