20:32 LƏNKƏRAN SƏRGÜZƏŞTLƏRİ . “Tolışon Sədo” | |
LƏNKƏRAN SƏRGÜZƏŞTLƏRİ Sovet dövrünün qəhraman pioneri var idi: Pavel (ruslar ona Pavlik deyirdilər) Morozov! Bu Pavel Morozova bir çox pioner düşərgələrində hətta heykəl də qoyulmuşdu. Kim idi Pavel Morozov? 14 noyabr 1918-ci ildə Rusiya Federasiyasının Tobol quberniyasının Qerasimovka kəndində anadan olmuş və 3 sentyabr 1932-ci ildə həmin kənddə qolçomaqlar tərəfindən qətlə yetirilmiş adi bir pioner. Bəs Pavelin qəhramanlığı nədə idi? Pavelin 1932-ci ilin fevral ayında atası Trofim Morozovun məhkəməsində atasının üzünə durması onu Sovet ideologiyasında qəhraman səviyyəsinəcən qaldırmışdı, baxmayaraq ki, məhkəmə Pavelin azyaşlı olduğunu əsas gətirərək, onun ifadəsini qəbul etməmişdi. Pavlikin məhkəmədə çıxışını o vaxtkı güc strukturları, xüsusən Xalq Daxili İşlər Komissarlığı, ona və anasına təzyiqlər etməklə təşkil etmişdi… “TOLIŞƏ ZIVON” DƏRSLƏRİ Əldə etdiyim son məlumatlara əsasən Talış zonasının bir çox məktəblərində “Tolışə Zıvon” dərsləri, həftədə 1 saat olmaqla, bərpa edilib. Düzdür, həmin dərsləri keçmək üçün metodik vəsaitlər yoxdur və müəllimlər dərsləri özləri bildikləri kimi keçirlər. Amma artıq bu dərslərin bərpası özü də müsbət haldır ki, bu müsbət halı qiymətləndirməmək, ən azından vicdansızlıq olardı. Bizi narahat edən məsələlər isə hələ də aktualdır. Məsələn: Dərsliklərin dərci nə vaxt başa çatacaq və həmin dərsliklər məktəblərə nə vaxt paylanacaq? Həmin dərsliklər ilə dərs keçəcək müəllimlər harada hazırlanacaq? Dərsliklər həftədə 2 dərs saatına nəzərdə tutulubsa, ikinci dərs saatı niyə bərpa edilmir? Lənkəran Dövlət Universitetində “Yerli xalqların dili” kafedrası ola-ola, niyə orta məktəblərdə Talış dilini tədris edən müəllimlər həmin kafedrada ixtisaslarını artırmırlar? Əgər Lənkəran Dövlət Universitetində müəllimlərin Talış Dili fənni üzrə ixtisaslarını artırması mümkün deyilsə, bunu mümkün etməyə nə mane olur? Niyə Lerik, Lənkəran, Astara və Masallı şəhərlərində Talış Dili dərsləri bərpa edilmir? Niyə Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala rayonlarının Talışların kompakt yaşadıqları kəndlərində Talış Dili dərsləri dərs cədvəlinə salınmır? Niyə respublikamızın böyük şəhərləri olan Bakıda, Gəncədə, Sumqayıtda, Xırdalanda, talışların kompakt yaşadıqları digər kənd və qəsəbələrdə bir və ya bir neçə məktəbdə Talış Dili dərsləri təşkil edilmir? Niyə rayon təhsil şöbələrində, orta məktəblərdə Talış Dili dərsini keçən müəllimlərin, həmin dərsləri hansı səviyyədə keçmələrini təftiş edəcək müfəttişlər təyin edilmir? Siyahını uzatmaq da olardı, amma reallıq odur ki, elə sadaladığımız bu işləri görmək üçün kifayət qədər vaxt və ən əsası vicdanlı yanaşma lazımdır. Ümüdvar olmaq istərdik ki, Təhsil Nazirliyi və ən əsası aidiyyatı qurumlar bizim bu qanuni istəklərimizi nəzərə alacaqlar… LƏNKƏRANDA “PAVLİK” SEVDASI Yanvarın 4-də Lerikdən Lənkərana gəlirdim. Lənkəranın Narbağı kəndində yolun kənarında dayanmış bir məktəblinin maşınıma əl etməsi diqqətimi çəkdi, maşını saxladım, uşaq “əmi, qabaqda düşəcəm” deyib, yanımda adam olduğu üçün, maşının arxa oturacağına əyləşdi. Məktəbli maşınıma əyləşən kimi onunla talış dilində bir balaca dialoq apardım. Adını, neçə yaşı olduğunu soruşdum. Öz tay-tuşları ilə nisbətdə talış dilində yaxşı danışan bu məktəbli ilə talış dilində dialoqumu aşağıdakı kimi davam etdirdim: – Məktəbinizdə talış dili tədris olunurmu? – Bəli, olunur. – Müəllimin adı nədir? – Filankəs müəllimə. (etika xətrinə nə müəllimənin, nə də uşağın adını yazmıram) – Sənə bir şey versəm müəlliməyə çatdıra bilərsənmi? – Əlbətdə çatdıraram. Daima yanımda olan “Tolışon Sədo” qəzetindən 2 və ya 3 ədəd həmin bu uşağa verib, salamım ilə bərabər müəlliməsinə çatdırmasını xahiş etdim, artıq uşaq mənzil başına çatmışdı, anası da onu yolun kənarında gözləyirdi. Sözün düzü həmin məktəb və həmin müəllimə barədə bir yazı yazmaq fikrim var idi, həmin məktəbi və həmin müəlliməni digər məktəblərə nümunə göstərmək fikrində idim, amma sən saydığını say, gör Azərbaycanın “şanlı təhsil sistemi” və “dövlətin təhlükəsizliyini gözləyən” qurum nə sayır… … Azərbaycanın “şanlı təhsil sistemi” bu işdən bir mərəkə qopardır ki, gəl görəsən, daha doğrusu həmin mərəkə mənim “salamım” və əlavə dərs vəsaiti kimi müəlliməyə göndərdiyim “Tolışon Sədo” qəzeti müəlliməyə çatandan sonra qopur. Demək uşaq qəzeti və salamımı müəlliməsinə çatdıran kimi müəllimə, çox guman ki, gələcəkdə “separatçılıqda” ittiham olunmasın deyə, həmin qəzeti əlinə alaraq düz məktəb direktorunun yanına gedir, “çox təhlükəli siqnal” alan direktor da öz növbəsində həmin qəzeti və aldığı “siqnalı” Lənkəran rayon təhsil şöbəsinə çatdırır, Lənkəran rayonu təhsil şöbəsinin səlahiyyətlisi isə öz növbəsində həmin qəzeti və çox təhlükəli bu “siqnalı” “dövlətin təhlükəsizliyini gözləyən” qurumun Lənkəran idarəsinə ötürür, həmin idarədə “siqnalın” təhlükə dərəcəsi 12 ballıq şkala ilə 12 bal gücündə dəyərləndirilir və həmin siqnal əsasında “dövlətin təhlükəsizliyinə bir başa xəta” olan bu qəzet haqqında istintaq işi başlanılır, məktəbin direktoru, həmin müəllimə və ən nəhayətdə həmin uşaq dindirilir, bütün dindirmələr protokollaşır, qəzetin həmin nüsxəsi müsadirə edilmir, birbaşa həbs edilir və sair və ilaxır… …Təbii ki, dövlət qeydiyyatından keçmiş bir qəzeti “dövlətin təhlükəsizliyinə bir başa xəta” kimi görən həmin müəlliməni də, həmin məktəbin direktorunu da, rayonun təhsil şöbəsində oturub, talış dilinə düşmən kəsilən səlahiyyət sahiblərini də, adi bir qəzetə “istintaq açan” DTX Lənkəran şöbəsini də qınamaq istərdim, amma bunu etmirəm, zatən onlar bu hərəkətlərinə görə artıq gün ərzində bir neçə dəfə özləri özlərini qınayırlar, əmin olun ki, mənim bu yazımdan sonra bu qınama daha da şiddətlənəcək, çünki həmin güc strukturunun kiçik bir uşaqdan “Pavlik Morozov” düzəltmə cəhdi alqışa layiq hal deyil. Həmin uşağın günahı yalnız o qəzetləri müəlliməsinə verməkdir, əslində burada heç bir günah da yoxdur, uşaq verdiyi sözü tutub və buna görə o alqışlanmalıdır! Sizlər isə – həmin müəllimə, məktəb direktoru, sahə müvəkkili, kənd icra nümayəndəsi, rayon təhsil şöbəsi, Lənkəranın güc strukturları – həmin uşağa təzyiqlər etməklə, onu və ailəsini narahat vəziyyətində saxlamaqla özünüzün talış dilinə nə qədər düşmən münasibətdə olduğunuzu açıqca biruzə verdiniz, görünəni odur ki, bu düşmənçiliyə görə heç xəcalət də çəkmirsiniz. Sizin bir “əhsən” üçün etdiyiniz bu mənasız hərəkətlərə nə ad vermək olar? Axı Ali Qanun ilə hər kəs, Qanunda qadağan edilmiş hallar istisna olmaqla, öz ana dilini istənilən vasitə ilə təbliğ edə bilər. Görünəni odur ki, yuxarıda adlarını sadaladığım şəxslər bu Ali Qanundan xəbərsizdirlər, zatən işi-gücü talış dili ilə mübarizə aparmaq olan Lənkəran rəhbərliyindən və həmin rəhbərliyin tənəsindən qorxan talış kökənli “səlahiyyət sahiblərindən” bundan artıq nə isə gözləmək özü də absurddur! Məndən isə sizlərə kiçik bir xəbərdarlıq: dünyanın ən qədim dillərindən biri olan, dünya sirrlərini və sanskrit açarını özündə qoruyan talış dilinə düşmən münasibətdə olduğunuz üçün bu dilin sahibi, talış dilində desək “xıvandı” Xıdo özü sizlərin cəzanızı verəcək, bizə isə Xıdodan bu cəzanı elə də şiddətli etməməyi xahiş etməkdən başqa çarə qalmır, hər necə olsa, sizdən fərqli olaraq biz kimsənin inciməsini, incidilməsini rahatlıqla seyr edə bilmirik. Qoy, əgər artıq gec deyilsə, Xıdo özü sizləri düz yola qaytarsın, gecdirsə – O bilən məsləhətdir… MƏTLƏB DADAŞOV Tanınmış jurnalist, karikaturaçı-rəssam Mətləb Dadaşov 2017-ci ilin dekabrın 4-də, Masallının Kolatan kəndində, kənd sakinlərinin gözü qarrşısında polis tərəfindən oğurlanaraq, qeyri-müəyyən istiqamətdə aparılır. Bütün cəhdlərimizə baxmayaraq səkkiz gün ərzində Mətləb Dadaşovun harada saxlanıldığı barədə məlumat əldə edə bilmədik. Bu 8 gün ərzində nə 102 xidməti, nə də ki, Masallı Poliş Şöbəsi Mətləb Dadaşovun saxlanma yeri barəsində onun ailə üzvlərinə məlumat vermədilər. Mətləb Dadaşov özü öz həbsi barəsində geniş və ətraflı yazı yazdığı üçün (bax: Davam edir 37..) mən onun həbsinin detallarına toxunmayacam, ancaq bircə şeyi qeyd etməsəm olmaz: heç 37-ci ildə də həbs edilmiş şəxsin harada saxlanılması onun ailə üzvlərindən gizlin saxlanılmırdı! P.S. Hər bir 37-nin bir 53-ü də olur, 37-də millətə qan qusduranlar 53-də özləri ləyən-ləyən qan qusurdular, elə-belə yazdım, tarix təkrar olunur, tarixdən isə ibrət götürmək lazımdır. P.P.S. Qəzetimizin bu dəfə gec çıxmasına səbəb, qəzetin materialları olan elektron daşıyıcı diskin yanması oldu. Diski bərpa etmək cəhdimiz, maliyyə çatışmamazlığı ucbatından baş tutmadığı üçün, qəzetin materiallarını təzədən yığmalı olduq. Əfsus ki, yazarımız Atabala Babayevin oxunaqlı bir yazısını və şair Tofiq Nicatın şeirlərini bərpa edə bilmədik, hər iki şəxsdən üzürxahlıq edirik, gələn nömrə üçün yazılarınızı gözləyirik… “Tolışon Sədo” N:- 01 (102) 15 yanvar 2018 | |
|
Total comments: 0 | |